>> Dr. Akif Bağırov

t.e.d. cərrah-uroloq

t.e.d. cərrah-uroloq

1976- 1982-ci illərdə ATİ-nin I Müalicə-profilaktika fakültəsində təhsil almışdır. Elmi şuranın qərarı ilə 1983- cü ildə institutun Urologiya kafedrasında baş laborant vəzifəsində işə başlamışdır, 1986 -cı ildə kafedranın assistenti seçilmişdir. 1985-89 -cu illər ərzində «Prostat vəzin adenomektomiyası zamanı birincili və ikincili qanaxmaların profilaktikası» adlı namizədlik dissertasiyası üzərində işləmiş və dissertasiyanı 1990-cı ildə Moskva Vilayət Elmi-Tədqiqat Kliniki İnstitutda müdafiə etmişdir.

1993-cü ildə Tibb universitetinin zəmanəti ilə İstanbul Universiteti Cərrahpaşa Tibb fakültəsinə doktoranturaya göndərilmiş, 1997-ci ildə renal transplantastiya üzrə doktoranturanı tamamlayaraq yenidən urologiya kafedrasında fəaliyyətə başlamışdır. 1998-ci ildə müsabiqə yolu ilə kafedranın dosenti seçilmişdir. 2000-ci ildə M.A

Topçubaşov adına Klinik Təbabət İnstitutunda «Renal transplantasiyada orqanın işemiyadan qorunması üsulları» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Respublika Ali Attestasiya Komissiyasının 1 iyun 2001-ci il qərarı ilə ona tibb elmləri doktoru alimlik dərəcəsi verilmişdir.                   .

Azərbaycan, türk, rus və ingilis dillərində nəşr olunmuş 80-dən artıq elmi məqalənin, 4 monoqrafiyanın, 1 elmi ixtira, 6 səmərəli təklif və 2 metodik dərs vəsaitinin müəllifidir.

Müxtəlif beynəlxalq elmi konfranslarda böyrək köçürülməsi və rekonstuktiv uroloji əməliyyatlar mövzusunda elmi məruzələrlə çıxış etmiş və XIY Ulusal Türk Uroloji Konfransında onun məruzəsi yüksək mükafata layiq görülmüşdür. 1995-ci ildə İstanbulda Amerika Urologiya assosasiyasının konqresində böyrəkköçürmə mövzusunda və 2003-cü ildə Almaniyanın Hamburq şəhərində III Beynəlxalq Rekonstruktiv Urologiya konqresində hidronefroz zamanı yeni plastika üsulu barəsində məruzələri maraqla qarşılanmışdır. Böyrək köçürmə zamanı orqanın zədələnməsinin qarşısını almaq məqsədi ilə təklif etdiyi 2 yeni üsul hazırda Türkiyənin bir çox Transplantasiya mərkəzlərində müvəffəqiyyətlə tətbiq edilir.

Böyrək şişlərində radikal nefrektomiya, sidik kisəsi şişlərində sistektomiya və siqmosistoplastika, prostat şişlərində radikal prostatektomiya, birmərhələli Dakıt uretroplastikası kimi ciddi cərrahi əməliyyatlar respublikamızda ilk dəfə Akif Bağırov tərəfindən icra edilmişdir. Müəllif hidronefroz zamanı subadventisial pielouretroplastika adlı yeni cərrahi əməliyyat işləyib hazırlamışdır.