>> Dr. Əli Allahverdiyev

t.e.d. professor, həkim - nevropatoloq

t.e.d. professor, həkim - nevropatoloq

1974-cü ildə ATİ-nin Pediatriya fakültəsini bitirmiş,1989-cu ildə Moskvada “Normal halda və nevroz zamanı ayıq – yuxu tsiklində uşaqların və yeniyetmələrin beyninin qeyri-spesifik sistemlərinin ontogenetik fəaliyyət xüsusiyyətləri” mövzusunda tibb elmləri doktorluq dissertasiyanı müdafiə etmişdir.

1984-cü ildən 2012-ci ilə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Klinik Xəstəxanasında professor – neyrofizioloq vəzifəsində çalışmış, 1992-ci ildə SSRİ AAK tərəfindən professor elmi adı almışdır.

1993-1995-ci illərdə Türkiyənin Hacettepe Universitetinin Uşaq Nevrologiyası kafedrasında professor – klinisist – neyrofizioloq vəzifəsində işləmişdir. 1996-cı ildə Almaniyanın Dyuren şəhərinin akademik klinikasından epilepsiya və digər paroksizmal  vəziyyətlərdə  gündüz və  gecə yuxusunu diaqnostik tədqiq  imkanlarını müzakirə etmək üçün dəvət almışdır.

Seçenov adına I  Moskva Tibb Universitetinin Vegetativ Sinir patologiyası şöbəsi ilə, Uşaq və Yeniyetmə Fiziologiyası İnstitutu və Türkiyənin Hacettepe Universitetinin Nevroloji klinikası ilə sıx elmi-konsultativ əlaqələri var.

Ötən illər ərzində onun fəal iştirakı ilə Səhiyyə Nazirliyinin bir sıra müəssisələrində – Respublika Klinik Xəstəxanasında, Uşaq Nevroloji Xəstəxanasında, 2 saylı Uşaq Klinik Xəstəxanasında, 1 saylı Psixiatriya Xəstəxanasında və respublikamızın digər özəl və dövlət klinikalarında sinir sistemi xəstəliklərinin elektrofizioloji diaqnostikası kabinetləri yaradılmış və hal-hazırda fəaliyyətdədir.

“Klinik neyrofiziologiya”  laboratoriyasının rəhbəri, “İnkişaf və qocalma fiziologiyası” şöbəsinin müdiri, Azərbaycan Ali Attestasiya Komissiyasının eksperti, Azərbaycan Respublikası Səhiyyə üzrə Əlaqələndirmə Şurasının üzvü, Beynəlxalq Somnoloqlar Cəmiyyətinin və Azərbaycan Fizioloqlar Cəmiyyətinin üzvü, Beynəlxalq Elmlər Akademiyasının akademiki, Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü, bir çox beynəlxalq qurultayların, konfrans və simpoziumların iştirakçısıdır.

Normal halda və müxtəlif psixonevroloji xəstəlikləri zamanı insan beyninin problemlərinə həsr olunmuş və əksəriyyəti xaricdə çap edilmiş 210-dan çox çap əsərinin və 2 monoqrafiyanın müəllifidir. 16 elmlər namizədi, 2 elmlər doktoru hazırlamışdır. Elmi-bioqrafik məlumatları Azərbaycanın və Rusiyanın ensiklopediyalarına (“Rusiya alimləri” ensiklopediyası), habelə Britaniyanın (Kembric) Beynəlxalq Bioqrafiya mərkəzinə daxil edilmişdir.